MƏDƏNİYYƏT
Məmməd Səid Ordubadinin xatirə muzeyində “açıq qapı” günü təşkil olunub
Bakı, 20 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Məmməd Səid Ordubadinin xatirə muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “açıq qapı” günü təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “açıq qapı” günündə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri, 254, 412, 189, 190, 54, 14, 13, 236 nömrəli tam orta məktəblərin şagird və müəllim kollektivi iştirak edib.
İştirakçılar muzeyin ekspozisiyası ilə tanış olub, onlara görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir.
Qeyd edək ki, bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” mövzusuna həsr olunub. Bununla əlaqədar, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və M.S.Ordubadinin xatirə muzeyinin birgə əməkdaşlıq müqaviləsinə əsasən, məktəblilər üçün muzey həftəsi “Muzeylər və Nəsimi irsi” elan edilib.