CƏMİYYƏT


Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimatı keçirilir

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Bakıda Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimatı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, xalqımız Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini daim uca tutur. Şəhidlərimizin fədakarlığı xalqımızın şüuruna əbədi həkk olunub. Memorial.az saytının yaradılmasının məqsədi də şəhidlərimiz haqqında müfəssəl məlumatların vahid platformada təqdim etməkdir.

Şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir.

Vətən müharibəsinin tamamilə yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan millətinin qanla və torpaqla yoğrulduğu epoxal bir an olduğunu deyən S.Yusifova qeyd edib ki, ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq.

O diqqətə çatdırıv ki, Ermənistanın münaqişə dövründə status-kvonu saxlamaq və işğalı möhkəmləndirmək, münaqişənin son iki ili ərzində danışıqların formatını və mahiyyətini dəyişdirmək cəhdləri, ona qarşı sanksiyaların tətbiq edilməməsi, illər ərzində hökm sürən cəzasızlıq, 2020-ci ilin iyul-avqust aylarında törətdiyi təxribatlar ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni irimiqyaslı hücumu ilə nəticələndi. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Münaqişə keçmişdə qaldı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

S.Yusifova bildirib ki, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır. Vətən müharibəsi, əslində, XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizliyə qarşı ucalan ilk belə səsdir, formalaşan yeni dünya nizamının görünən ilkin cizgiləridir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır. Bundan başqa, 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıq regionda dayanıqlı və uzunmüddətli sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən mühüm amillərdən biri olacaq. Bu Zəfərin kökündə Azərbaycan Prezidentinin uzunmüddətli hədəflərə hesablanmış çoxşaxəli strategiyası, ölkənin iqtisadi, siyasi, hərbi, diplomatik, informasiya istiqamətlərdə güclənməsi məqsədilə uzun illər ərzində böyük əzmlə, fasiləsiz şəkildə gördüyü işlər və Prezident-ordu-xalq birliyi dayanır. Müzəffər Ali Baş Komandanın, müzəffər Ordumuzun və müzəffər xalqımızın yazdığı bu tarix sabah daha da uğurla inkişaf edəcək Azərbaycan üçün möhkəm təməldir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.