İDMAN
Memorialın iştirakçıları Vüqar Həşimov Şahmat Akademiyasında olublar
Bakı, 23 dekabr, AZƏRTAC
“Vüqar Həşimov memorialı-2021”nin iştirakçıları dekabrın 23-də Vüqar Həşimov Şahmat Akademiyasında olublar.
AZƏRTAC turnirin mətbuat xidmətinə istinadla xəbər verir ki, şahmatçılar Akademiyada fəaliyyət göstərən Vüqar Həşimov Muzeyi ilə tanış olub, yeniyetmə şahmatçılarla görüşüblər.
Qonaqlara akademiyanın yetirmələrinin əldə etdikləri nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, Avropa çempionatında bürünc medal qazanan “Vüqar Həşimov” klubu ölkəmizdə şahmatın inkişafına mühüm töhfələr verir.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar.
Dekabrın 23-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
“Vüqar Həşimov memorialı” ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.