ELM VƏ TƏHSİL
“Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi ilə əlaqədar IX və X sinif şagirdləri arasında “Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin III mərhələsi keçirilib.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, yekun mərhələdə suallar situasiya xarakterli qeyri-standart məsələlər formasında şagirdlərə təqdim olunub. Üçüncü mərhələdə 20 şagird iştirak edib və qaliblər müəyyənləşib.
IX sinif üzrə akademik Zərifə Əliyeva adına liseyin şagirdi Şamil Fərzəlizadə və 6 nömrəli tam orta məktəbin şagirdi Səid Qasımov birinci, Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Fatimə Xəlilova ikinci, akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Ələsgər Tarverdiyev və Şəbnəm Əmirova isə üçüncü yerə layiq görülüblər.
X sinif üzrə 32 saylı Zəngilan rayon tam orta məktəbin şagirdi Fidan Abışova birinci, akademik Zərifə Əliyeva adına Liseyin şagirdi Rəvan Abusəmədov ikinci, akademik Zərifə Əliyeva adına Liseyin şagirdi İlahə Bəkirli və BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Əkbər Hüseynzadə üçüncü yeri tutublar.
Bu mərhələdə I, II və III yerlərin qaliblərinə diplom və hədiyyələr veriləcək, III mərhələnin digər iştirakçıları fərqlənmə diplomu ilə mükafatlandırılacaq.