MƏDƏNİYYƏT


“Mən ağacam” tamaşası maraqla qarşılanıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Mən ağacam” tamaşası nümayiş olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov və aktrisa Təranə Ocaqverdiyeva çıxış edib.

Əsərdə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Romanın özünəməxsusluğu ondadır ki, roman qəhrəmanlarının öz dilindən danışılır, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.

Rejissor Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli baxım bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.

Xronometrajı 1 saat 10 dəqiqə olan tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.