ELM VƏ TƏHSİL


Mən bir sönməz ulduzam ki, daim işıq saçaram

Bakı, 5 mart, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təhsil kompleksində görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir sönməz ulduzam ki, daim işıq saçaram” adlı elmi-praktik konfrans keçirilib.

BXA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev görkəmli yazıçının zəngin yaradıcılığından, Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.

Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova “Görkəmli dramaturq Cəfər Cabbarlı yaradıcılığının musiqidə təcəssümü”, yazıçı-dramaturq Əli Əmirli “Almaz” pyesinin yeni səhnə redaksiyası müasir zaman kontekstində”, professor Rafiq Sadıqov “Cəfər Cabbarlının teatrşünaslıq fəaliyyəti”, professor Maral Manafova “Cəfər Cabbarlının tərcümə yaradıcılığı”, yazıçı-publisist Atababa İsmayıloğlu “Cəfər Cabbarlının dram yaradıcılığı” mövzusunda məruzələrlə çıxış ediblər.

Xalq artisti Nurəddin Mehdixanlı Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamını xatırladıb, konfransın məruzə rəngarəngliyi və bədii tərtibat baxımından yüksək səviyyədə təşkil olunduğunu söyləyib. N.Mehdixanlı C.Cabbarlının bir sıra əsərləri əsasında hazırlanmış tamaşalarda rol aldığını, canlandırdığı obrazlarla xalqın sonsuz sevgisini qazandığını söyləyib, yazıçının pyeslərinin əksəriyyətinin müasir dövrdə də aktuallığını qoruyub saxladığını qeyd edib.

Xalq artistləri Firəngiz Mütəllimova və Laləzar Mustafayeva isə ədibin əsərləri əsasında səhnəyə qoyulmuş tamaşalardakı rollarından söz açıblar.

Sonda Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı konfransın təşkilinə görə BXA-nın rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

Tədbirdə yazıçının həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.