MƏDƏNİYYƏT
“Mən burdayam, İlahi...” mifi “Söz” layihəsində
Bakı, 25 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatıldığı gecədə V.Səmədoğlunun şeirləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Söz” ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə elm, ədəbiyyat, incəsənət xadimləri V.Səmədoğlu haqqında fikirlərini bölüşüblər.
“Söz” ədəbi layihəsinin rəhbəri, istedadlı qələm adamı Nigar Həsənzadə tədbiri şairin həyat yoldaşı Nüşabə Vəkilova ilə sual-cavab formasında təqdim edib.
N.Həsənzadə bildirib ki, məqsədi Azərbaycanın yazıçı və şairlərinin yaradıcılığının ölkədə və beynəlxalq ədəbi mühitdə təbliği, poetik axşamlara marağın artırılması və ədəbi inkişafın stimullaşdırılmasıdır.
Şairin sevgi, dünya və həyat haqqında yazdığı “Son gecə...”, “Bakıya duman gəlir...”, “Uzaq, yaşıl ada...” və digər şeirləri, onlara yazılmış mahnılar incəsənət ustalarının, qiraətçilərin ifasında səsləndirilib.
Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyli, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut, Əməkdar Artist Mehriban Zəki, gənc aktyorlar Gülzar Rzayeva, Tural Əhməd və Şirqasım Canməmmədov çıxış ediblər.