CƏMİYYƏT


“Mən hakim olmaq istəyirəm” kitabının təqdimatı olub

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Əməkdar artist Bəhram Bağırzadənin Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar nəşr olunan “Mən hakim olmaq istəyirəm” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində məktəbli uşaqlar, şəhid ailələrinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov uşaqlara məhkəmə, hakimlik sənəti barədə məlumat verməyin faydalı olduğunu deyib: “Hakimlik çətin, eyni zamanda da şərəfli peşədir. Biz hesab edirik ki, uşaqlıqdan başlayaraq cəmiyyətdə sosial bərabərliyin təmin edilməsi istiqamətində tədbirləri gücləndirərək həyata keçirmək lazımdır".

Qeyd edilib ki, kitabda məhkəmələrin qədim zamanlardan günümüzədək necə dəyişərək formalaşdığı, ölkəmizdə hazırda mövcud olan məhkəmələr barədə məlumatların uşaqlara onların anlaya biləcəkləri sadə dildə izahı və illüstrasiyalar vasitəsilə təsviri yer alıb.

Sonra Bəhram Bağırzadə çıxışında çap edilən bu nəşrin onun 70-ci kitabı olduğunu deyib: “Bu gün burada iştirak edən uşaqlardan gələcəkdə hakim olan olarsa, nə xoşbəxt bizə ki, öz kitabımızla onlara bu peşəni sevdirmişik".

Müəllif son illər fəaliyyətini uşaqların maariflənməsinə yönəltdiyini və bu istiqamətdə bir neçə kitab yazdığını da qeyd edib. Layihələrinin azyaşlıların bilik və bacarıqlarını artırmaq istiqamətində olduğunu vurğulayıb.

Sonda Bəhram Bağırzadə tədbir iştirakçılarına təşəkkürünü bildirərək, imzalı kitablarını hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.