REGİONLAR
“Mən oxudum, siz də oxuyun” devizi altında kitab bağışlama aksiyası maraqla qarşılanıb
Naxçıvan, 20 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mütaliə aylığı” çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında ilk dəfə “Mən oxudum, siz də oxuyun” devizi altında keçirilən kitab bağışlama aksiyası maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində baş tutan tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Heyran Əhmədova “Mütaliə aylığı” ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, bu il də aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Ay ərzində muxtar respublika ümumtəhsil məktəblərində mütaliə ilə bağlı müxtəlif tədbirlər - inşa yazı, dram, şeir, esse, sürətli oxu müsabiqələri, kitab müzakirələri, diskussiyalar və digər tədbirlər keçirilir. Aylıq çərçivəsində təşkil edilən kitab bağışlama aksiyasının məqsədi də məktəblilərə mütaliə vərdişlərini aşılamaq, onların kitaba olan marağını yüksəltməkdən ibarətdir. İllərdir oxuduğumuz kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev bildirib ki, 2019-cu ildən muxtar respublika rəhbərinin yüksək qayğısı sayəsində yeni maddi-tədris baza ilə təmin olunmuş mərkəzdə yeni innovativ dərnəklər yaradılıb. Bu dərnəklər sırasında yer alan “Dram” və “Sürətli oxu” dərnəkləri şagirdlərin mütaliə mədəniyyətlərinin zənginləşməsində, onlarda kitaba olan marağın artırılmasında mühüm rol oynayır. Mərkəzin zəngin kitabxanası imkan verir ki, dərnək üzvləri istədikləri kitabı əldə edib oxuya bilsinlər.
Aksiyada iştirak edən şagirdlər oxuduqları Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Teodor Drayzerin “Dahi”, Moris Meterlinkin “Göy quş”, Hüseyn Cavidin “Azər”, Mətanət Məmmədovanın “Naxçıvan blokadası” və digər kitablar haqqında məlumat veriblər.
Tədbirin sonunda ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri öz sevimli kitablarını bir-birlərinə hədiyyə ediblər.