İQTİSADİYYAT
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi arasında “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılmasına dair əməkdaşlığın davam etdirilməsi haqqında” birgə niyyət bəyannaməsi imzalanıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənədi nazir müavini Sahib Ələkbərov və Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq imzalayıblar.
İqtisadiyyat Nazirliyinin, Almaniyanın Azərbaycandakı Səfirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunub ki, bu sahədə əməkdaşlıq 2009-cu ildən həyata keçirilir. Sənəd 3 illik müddətə imzalanır və Azərbaycanın sahibkar və menecerlərinin ixtisasının artırılması sahəsində əməkdaşlığı ehtiva edir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi KOBİA, Almaniya tərəfindən isə GIZ-dir.
Qeyd edək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların və menecerlərin Almaniyanın tədris mərkəzlərində nəzəri və praktik biliklərinin artırılması, Almaniya müəssisələrində innovativ texnologiyalar və idarəetmə metodları ilə tanışlıq və iqtisadi kooperasiya əlaqələrinin yaradılmasıdır. 2009-2020-ci illərdə ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan 451 azərbaycanlı sahibkar və menecer Almaniyanın müxtəlif şəhərlərində təlim və təcrübə keçiblər. GIZ-in qiymətləndirməsinə əsasən, 2017-2019-cu illərdə proqram çərçivəsində iki ölkənin şirkətləri arasında 40-dək müqavilə imzalanıb.