İQTİSADİYYAT
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu onlayn formatda davam edir
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn formatda davam etdirilir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən 2020-ci ilin noyabrında elan edilmiş “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursuna sahibkar və menecerlərin seçilməsi başa çatıb və fevralın 8-dən etibarən onlayn təlimlərə başlanılıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimlərdə iştirak edən 12 sahibkar və menecer Almaniyanın tədris mərkəzlərinin ekspertləri tərəfindən menecment sahəsində beynəlxalq təcrübə barədə məlumatlandırılır, bu sahədə praktiki vərdişlər öyrədilir, alman şirkətləri ilə əlaqələrinin qurulmasına şərait yaradılır.
İxtisasartırma kursunu uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat veriləcək. İştirakçıların alman şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratması üçün gələcəkdə onların bir həftə müddətinə Almaniyaya səfəri nəzərdə tutulur. Təlimlərdə iştirakla bağlı xərclər (beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla) Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumu ilə təsdiq olunmuş “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində Almaniya tərəfindən qarşılanır.
Bildirilib ki, indiyədək proqram çərçivəsində 450 sahibkar və menecer ixtisasartırma kursunda iştirak edərək, menecment sahəsində biliklərə, beynəlxalq təcrübəyə yiyələniblər. Ötən ildən etibarən pandemiya səbəbindən ixtisasartırma kursu onlayn formatda davam etdirilir. Növbəti ixtisasartırma kurslarında sahibkar və menecerlərin daha geniş iştirakı məqsədilə pandemiya dövrü ərzində sənəd qəbulu ilboyu davam etdiriləcək. Proqramda iştirak etmək istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər (ətraflı - http://bit.ly/3ka0gex).