CƏMİYYƏT


Mənəvi Dəyərlərin Təbliği Fondu 28 May – Respublika Günü münasibətilə konfrans təşkil edib

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə "Şanlı tarix – şanlı respublika" adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlanıb.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusilə dövlət quruculuğu sahəsindəki işləri böyük əhəmiyyət kəsb edir. Hökumət hələ Gəncədə ikən Azərbaycan dilinin dövlət dili elan olunması, Milli Ordunun yaradılması haqqında qanunlar qəbul etmişdi. İlklərə imza atan Azərbaycan Xalq Cümhuriyyəti qısa bir dövrdə 40 minlik nizami ordu təşkil edə bilib. Professor qeyd edib ki, Xalq Cümhuriyyətinin gördüyü işlər və müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov vurğulayıb ki, XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycandan kənarda təhsil alan kifayət qədər ziyalımız var idi. Onların düşüncəsində və amalında Azərbaycanda demokratik cəmiyyətin yaranması problemi mövcud idi. Bu ziyalılar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak edib və Xalq Cümhuriyyətini yaradıblar.

"Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni müxtəlifliyin qorunması" mövzusunda məruzə ilə çıxış edən Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov qeyd edib ki, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Bəyannamədə Azərbaycanda yaşayan xalqların suveren hüquqlara malik olduğu, öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşların vətəndaşlıq və siyasi hüquqlarla təmin edildiyi, ölkə ərazisində yaşayan bütün millətlərə azad inkişaf üçün geniş imkanlar verildiyi qeyd edilib.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Azərbaycan bayrağı" adlı videoçarx nümayiş etdirilib.

Konfransda tələbələr və gənclərlə geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.