Mənəvi Dəyərlərin Təbliği Fondu “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsi elan edir
AzerTAg.az
Bakı, 22 fevral, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondu “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib.
Müsabiqənin əsas məqsədi Azərbaycanda yerləşən Alban tarixi-dini abidələrinin geniş auditoriya kütləsinə təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən bu abidələrin daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə (rus və ingilis dillərində) yayılmasını həyata keçirməkdir.
Müsabiqəyə təqdim olunan materiallar videoformatda qəbul ediləcək.
Materialların qiymətləndirilməsi zamanı videonun aşağıdakı özəllikləri xüsusilə nəzərə alınacaq:
1) Keyfiyyət: minimum 1920×1080;
Ölçü: 16:9 ratio;
Müddət: 1-4 dəqiqə aralığında;
Format: on-off və ya digər maraqlı təqdimatlarda ola bilər.
2) Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir obyekt (abidə, məbəd və s.) barəsində material təqdim edə bilər. Təqdim edilən videomaterialda haqqında danışılan obyekt (abidə, məbəd və s.) barəsində məlumat mahiyyəti üzrə əhatəli və aydın formada olmalı, obyektin tarixi, yerləşmə yeri və müxtəlif rakurslardan görüntüsü əks edilməlidir.
Materiallar elektron daşıyıcıda birbaşa, poçt vasitəsilə və ya mdtf.press@gmail.com adresinə göndərilməklə Fonda təqdim edilə bilər. Materialı Fonda təqdim edərkən özünüz barədə (ad, soyad, ata adı, yaşayış ünvanı, əlaqə vasitəsi) yazılı məlumat verməyi unutmayın.
Qaliblər pul mükafatları ilə mükafatlandırılacaq:
I yer (bir nəfər)- 800 AZN
II yer (iki nəfər)- 600 AZN
III yer (üç nəfər)- 400 AZN
Hər biri 150 AZN olmaqla 4 həvəsləndirici mükafat
Son müraciət tarixi: 2021-ci il 1 may.

Xəbərin mətnində orfoqrafik səhv var