REGİONLAR


Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri Qusarda “Yay məktəbi”nin iştirakçısı olub

Qusar, 24 avqust, Elxan Yusifli, AZƏRTAC 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qusarda təşkil olunan “Yay məktəbi” başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş günlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən 100-ə yaxın könüllü gənc cəlb olunub.

“Yay məktəbi”nin təşkilində məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır.

Yay düşərgəsində iştirak edən könüllülər Qusarda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şəhidlər xiyabanı, Milli Qəhrəman Çingiz Qurbanovun məzarı, “Şahdağ” Turizm Mərkəzi, Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, həmçinin Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Könüllülər “Mənəvi dəyərlərin təbliği və könüllülük fəaliyyəti” mövzusunda məruzə dinləyib, intellektual, milli oyunların iştirakçısı olublar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.