ELM VƏ TƏHSİL
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov Prezident İlham Əliyevin Azərbaycanda “Nəsimi ili”nin elan olunması haqqında 2019-cu il 11 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb. O bildirib ki, dövlətimizin başçısının bu Sərəncamı şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.
C.Məmmədov vurğulayıb ki, institut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili”nin elan edilməsini bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmətin bariz nümunəsi olduğunu deyib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi və mədəni irsinin inkişafı sahəsindəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə şairin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.
İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzinin sədri Əsgər Farsi dahi Azərbaycan şairi Nəsiminin zəngin yaradıcılığından danışıb. O qeyd edib ki, Nəsimi bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Ə.Farsi mütəfəkkir şairin yaradıcılığında dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdət təşkil etdiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bildirib ki, İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizm və multikultural mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Səadət Şıxıyeva dahi şairin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.
Türkiyənin Kastamonu Universitetinin fənn ədəbiyyatı fakültəsinin çağdaş türk ləhcələri və ədəbiyyatı kafedrasının müəllimi, professor Vüsalə Musalı bildirib ki, Nəsiminin yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. O qeyd edib ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan Nəsimi öz yaradıcılığı ilə tolerantlığı və multikulturalizmi təbliğ edib.
Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam etdirilib.