CƏMİYYƏT
“Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 16 may, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsinin qalibləri müəyyənləşib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il fevralın 22-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu mayın 1-də başa çatıb. Videoformatda qəbul edilən müraciətlərin qiymətləndirilməsi üç nəfərdən ibarət komissiya üzvləri tərəfindən aparılıb.
Nəticələrə əsasən, Kənan Məmmədov (Kəlbəcər rayonu Xudavəng monastırı) 1-ci yeri, Elmar Orucov (Xocavənd rayonu Tuğ Alban məbədi) və Şamil Muradlı (Gədəbəy rayonu Həmşivəng məbədi) 2-ci yeri, Asif Mirzəzadə (Zaqatala rayonu Alban kilsəsi), Kamil Balakişiyev (Laçın rayonu Ağoğlan məbədi) və Günel Abdurahmanova (Şəki şəhəri Kiş Alban məbədi) 3-cü yerləri tutublar.
Mustafayev Anar (Goranboy rayonu Meşəli kilsəsi), Fariz Namazlı (Balakən rayonu Qullar məbədi), Elgün İlyas (Balakən rayonu Nur kilsəsi) və Aytac Əhmədova (Qax rayonu Qax kilsəsi) həvəsləndirici mükafatlara layiq görülüblər.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi Azərbaycanda yerləşən Alban tarixi-dini abidələrinin geniş auditoriyaya çatdırılması, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən bu abidələrin daha çox öyrənilməsi, eləcə də qalib elan olunan materialların müxtəlif internet resurslarında xarici dillərdə yayılmasını həyata keçirməkdir.