MƏDƏNİYYƏT


“Məni göylərdə axtarın” kitabının təqdimatı olub

Bakı, 14 may, AZƏRTAC

Bu gün Əli Kərim adına Sumqayıt Poeziya klubunda yazıçı publisist Dilarə Rüstəmin 44 günlük savaşımızın qəhrəmanlarından bəhs edən “Məni göylərdə axtarın” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Himni səsləndikdən sonra, Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Məni göylərdə axtarın” kitabında vətən uğrunda şəhid olmuş 40 şəhidin həyatı hekayəti canlandırılıb. 408 səhifəlik kitabda vətənimizin müxtəlif bölgələrində doğulub boya-başa çatmış qəhrəman oğullarımızın döyüşdə göstərdikləri şücaətlər, onların qısa, lakin şərəfli ömür yolundan söhbət açılır.

Milli Məclisinin deputatı Nizami Səfərov Azərbaycan torpağının azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın xatirəsinin hər zaman uca tutulduğunu, qəhrəmanlarımızın döyüş yolu haqqında artıq bir neçə kitabın yazıldığını söyləyib. Şəhid qəhrəmanlarımıza həsr olunan kitabların təqdimat mərasimini ən böyük hadisə adlandırıb. Dilarə Rüstəmin müzəffər qələbəmizdən sonra ərsəyə gətirdiyi kitabın şəhidlərin adına ən gözəl abidə olduğunu deyib.

Təqdimat mərasimində iştirak edən şəhidlərimizin valideynləri çıxış edərək, vətən uğrunda canından keçən övladlarının adına yazılmış kitabın onlara təsəlli olduğunu deyiblər.

Sumqayıtdakı 11 nömrəli məktəbin şəhid Kamil Şirinov adına 1-ci “a” sinfinin şagirdləri ədəbi kompozisiya ilə çıxış ediblər.

Vətən müharibəsi qazisi Fədai Allahverdiyev müharibə xatirələrini, döyüşçü şair Elvin İbtiqam isə “Məni göylərdə axtarın” kitabında adı keçən komandiri olmuş Emin Əsədov haqqında xatirələrini və komandirinə həsr etdiyi şerini söyləyib.

Əməkdar jurnalist Faiq Hüsiyev, yazıçı Varis, tədqiqatçı jurnalist Aida Eyvazlı, kitabın redaktoru Xəyalə Həmzəliyeva Dilarə Rüstəmin şəhidlərimizin həyatına həsr etdiyi kitabın məziyyətlərindən danışıblar.

Çıxış edənlər kitabda toplanan həyat hekayətlərində hər bir şəhid oğlumuzun qəhrəmanlığının və adi həyat tərzinin ustalıqla qələmə alındığını qeyd ediblər.

Kitabın müəllifi Dilarə Rüstəm deyib ki, 9 aya ərsəyə gətirdiyim 40 igidin həyatını yazmaq mənim üçün nə qədər ağır olsa da, bu onların qəhrəmanlığı qarşısında çox azdır.

Tədbirin sonunda tanınmış vokal ifaçısı, Əməkdar artist Zemfira İsmayılova və müğənni Rəhilə Quliyeva şəhidlərimizi və qələbəmizi tərənnüm edən mahnılar oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.