REGİONLAR


“Mənim ana dilim” mövzusunda şeir müsabiqəsinin qalibləri müəyyənləşib

Naxçıvan, 19 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən “Mənim ana dilim” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək şagirdlərə Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində tarixi xidmətlər göstərib. Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət dil siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan dilinə həssaslıqla yanaşması, dilimizin inkişafı ilə bağlı bir sıra sərəncamlar imzalaması, Dövlət Proqramını təsdiq etməsi bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Heyran Əhmədova muxtar respublikada ən ali, milli dəyərimiz olan Azərbaycan dilinin saflığının qorunması, dilimizin imkanlarının təbliği istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi və dilimizin qorunub saxlanılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı uşaq, yeniyetmə və gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini daha da artırıb. Bu gün muxtar respublika məktəblərində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş müxtəlif mövzularda tədbirlər, müsabiqələr təşkil edilir. Bütün bu görülən işlər doğma ana dilimizə hörmət və ehtiramın bariz nümunəsidir. Onu qorumaq və inkişaf etdirmək isə hər bir azərbaycanlının müqəddəs borcudur.

“Mənim ana dilim” mövzusunda keçirilən şeir müsabiqəsinin muxtar respublika mərhələsində ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 13 şagird iştirak edib. Müsabiqənin nəticələrinə görə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Bayram Tahirov I yerə, Kəngərli rayon Xok kənd tam orta məktəbin VI sinif şagirdi Sehri Məmmədova və Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin VIII sinif şagirdi Zübeydə Məmmədova II yerə, Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbin X sinif şagirdi Çəməngül Şərifzadə, Naxçıvan Qızlar Liseyinin VI sinif şagirdi Aytac Mirzəzadə və Şahbuz rayon Yuxarı Qışlaq kənd tam orta məktəbin VIII sinif şagirdi Nərgiz Məmmədli III yerə, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Mehdi Mehdiyev, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin VIII sinif şagirdi Abdulla Hüseynli və Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbin VII sinif şagirdi Bahar Axundzadə isə həvəsləndirici yerə layiq görülüb. Qaliblər mükafatlandırılıb.

Tədbirdə “Şəhidlər unudulmur” və “Ulu yurdum Naxçıvanım” inşa yazı müsabiqələrinin qalibləri də mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.