CƏMİYYƏT
“Mənim bayrağım” adlı şeir müsabiqəsinə yekun vurulub
Bakı, 4 noyabr, AZƏRTAC
Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən 237 nömrəli tam orta məktəbdə 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə şagirdlər arasında “Mənim bayrağım” adlı şeir müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə münsiflər heyəti qismində Bakı Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı və bədii qiraətçi Ayaz Məmmədov, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri, uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov, Şüvəlan Mədəniyyət Evinin bədii rəhbəri Kəmalə Quliyeva iştirak ediblər.
Münsiflər heyətinin obyektiv qərarına əsasən, birinci yeri 237 nömrəli tam orta məktəbin şagirdi Ləman Quliyeva tutub. İkinci yerə 241 nömrəli tam orta məktəbin şagirdi Günay Məmmədova, üçüncü yerə isə 120 nömrəli tam orta məktəbin şagirdi Ruqiyyə Quliyeva sahib olub.
Sonra “Mənim bayrağım” mövzusunda keçirilən rəsm və inşa yazı müsabiqəsində qalib gələn şagirdlər Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla mükafatlandırılıblar.