CƏMİYYƏT
“Mənim parlamentim” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin reallaşdırdığı “Mənim parlamentim” layihəsi çərçivəsində növbəti görüş Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ilə olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Səməd Seyidov Milli Məclisin fəaliyyəti, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti, qlobal siyasət arenasında mövcud trendlər barədə məlumat verib. O deyib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Avropa ölkələri və Avropa strukturları, o cümlədən dünya birliyi Azərbaycanın güclü təsir imkanlarına malik dövlət olduğunu və ölkəmizin sözü və mövqeyi ilə hesablaşmaq lazım gəldiyini dərk edir.
Görüşün təşkil edildiyi Siyasi Psixologiya Mərkəzinin fəaliyyətinə toxunan Milli Məclisin komitə sədri bildirib ki, mərkəz ölkəmizdə siyasət və psixologiya arasında əlaqəni araşdıran ilk təşkilatdır. Bu, vətəndaşların, o cümlədən gənclərin özünürealizə tələbatlarının hərtərəfli təmin olunması üçün imkanlar yaradır, onların bilik və bacarıqlarından istifadə etməklə şəxsiyyətin hərtərəfli inkişafına kömək göstərir.
Qeyd edək ki, “Mənim parlamentim” layihəsinin məqsədi gəncləri Milli Məclisin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan layihə çərçivəsində gənclərin Milli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri təşkil olunur.
“Avropa Gənclər Parlamenti” qitənin 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Sıralarında vətənpərvər, yüksək intellektual səviyyəyə malik fəal gəncləri birləşdirən təşkilat onların Azərbaycana və cəmiyyətimizə fayda vermələri üçün imkanlar yaradır.