“Mənim üçün ondan doğma şəhər yoxdur...”
AzerTAg.az
Bakı, 4 oktyabr (AZƏRTAC). Murmansk şəhər dövlət elmi-universial kitabxanasında “Mənim üçün ondan doğma şəhər yoxdur” adlı sərgi açılmışdır. Sərgi buraya gələnləri şəhərin tarixi ilə - 20-30-cu illərdə onun fəal inkişafı, döyüş şöhrəti, Murmansk balıqçılarının və dənizçilərinin nailiyyətləri ilə, müasir iqtisadi vəziyyətlə tanış edəcəkdir.
“Xronoqrafiya” bölməsində, həmçinin Murmansk şəhər İcraiyyə Komitəsinin keçmiş sədri, Murmanskın fəxri vətəndaşı Vladimir Qoryaçkinin “Bu, səninlə bizim taleyimizdir, bioqrafiyamızdır...” adlı kitabı da nümayiş etdirilir. Müəllif “Komsomol zərbəçi tikintidə” bölməsində Azərbaycanla bağlı xatirələrini bölüşür. O yazır: “Rasvumçorr yaylasında işə salınmış “Mərkəzi” mədəninin qazma dəzgahları üçün Sumqayıtdan borular gətirmək lazım idi. Mən təyyarə ilə ora gəlib çıxanda bildim ki, zavod, demək olar, işləmir... Tam ümidsiz vəziyyətdə komsomol komitəsinə gəlib özümü tədqim etdim. Uşaqlar onların borularından ötrü həmkarlarının uzaq şimaldan gəldiyini eşidəndə təəccübləndilər. Xülasə, sonra hər şey Uralmaşda işlənmiş sxem üzrə getdi: komitənin iclası, sex komsomolçularının yığıncağı və borularımızın prokatı. Mən evə, gənc ailəmin yanına tələsirdim. Komsomol komitəsindən uşaqlar təyyarə ilə geri qayıtmağıma kömək etdilər. Düzdür, əvvəlcə mənə Bakı şəhərini göstərdilər və mən etiraf etdim ki, dünyada Bakıdan gözəl şəhər yoxdur...” Vladimir Qoryaçkin yazır: “Qısa dövrdə zavodun komsomolçuları istehsalı öz əllərinə alıb şimaldan gəlmiş yoldaşlarına kömək etdilər. Mən hələ də Bakını dünyanın ən gözəl şəhəri hesab edirəm, çünki orada bir-birinə kömək etməyə hazır olan son dərəcə gözəl insanlar yaşayırdılar və ümidvaram ki, indi də yaşayırlar...”.
Xəbərin mətnində orfoqrafik səhv var