CƏMİYYƏT
“Mənim yaşıl şəhərim” layihəsinə iməcilik aksiyası ilə yekun vurulub
Bakı, 23 noyabr, AZƏRTAC
“Gənclərin Elmi Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov rayon gənclər və idman idarəsinin təşkilati dəstəyi ilə reallaşdırdığı “Mənim yaşıl şəhərim” layihəsinin icrasını başa çatdırıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 291 saylı Ekologiya liseyində yeniyetmə və gənclərin iştirakı ilə iməcilik aksiyası təşkil edilib.
Liseyin direktoru Kəmalə Mirzəyeva və İctimai Birliyin üzvü, təlimçi Teymur Mustafayev iməcilik aksiyasının iştirakçıları ilə görüşdə çıxış edərək bildiriblər ki, layihənin məqsədi yeniyetmə və gənclərin ekoloji mövzuda bilik və təcrübələrinin artırılması, onları ətraf mühitin mühafizəsi işinə cəlb edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə ekoloji aksiyaların təşkil olunmasıdır.
Layihə çərçivəsində görülən işlərdən danışılarkən məlumat verilib ki, fəaliyyət planına əsasən bu istiqamətdə dörd seminar və bir iməcilik aksiyası təşkil olunub. Layihənin icrası ilə bağlı keçirilən bütün tədbirlər mətbuatda geniş işıqlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ülvi Adıgözəlov dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən yaradılan Gənclər Fondunun fəaliyyəti barədə aksiya iştirakçılarına məlumat verib.
İməcilik aksiyası zamanı ərazidə geniş təmizlik işləri aparılıb, məktəbin həyətində əkilmiş ağaclara qulluq göstərilib, onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.