CƏMİYYƏT
Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2,5 ton heyvan cəmdəyi məhv edilib. Bu barədə AZƏRTAC-a agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildiriblər.
Malların məhv edilməsi prosesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı, media nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, bir müddət əvvəl AQTA və müvafiq qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ünvanında yerləşən satış məntəqələrində aşkar edilmiş ayrı-ayrı şəxslər tərəfindən müxtəlif regionlardan gətirilən mənşəyi məlum olmayan kəskin qoxulu 2,5 ton heyvan cəmdəyi aşkar edilib. Bununla əlaqədar, hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyən edilib.