CƏMİYYƏT
Mənşəyi məlum olmayan ət və ət məhsulları istifadə edən restoranın fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi ilə bağlı monitorinqləri davam etdirir. Agentliyin əməkdaşları Bakının Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsi, mənzil 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus “Sabiha” restoranında yoxlama aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin qidalanmasının təşkili və ya yeməklərin, eləcə də içkilərin hazırlanması, onların saxlanması, əhaliyə satılmasına dair sanitariya-gigiyena və texniki normativ sənədlərin tələbləri kobud şəkildə pozulduğu müəyyən edilib.
Monitorinq zamanı baytarlıq-sanitariya ekspertizası aparılmayan və baytarlıq arayışı ilə müşahidə olunmayan ət və ət məhsullarından istifadə edildiyi məlum olub. Yoxlama zamanı xammalın saxlanması sahəsi olmadığına görə məhsulların birbaşa mətbəxdə, yemək zalında döşəmənin üzərində və masaların altında yığılaraq saxlanıldığı müəyyən edilib. Qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb.
Qida məhsullarından nümunələr götürülərək analiz üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərib.