REGİONLAR
Məntəqə seçki komissiyalarının üzvləri səsvermə günü prosedurları barədə maarifləndirilirlər
Şəki, 7 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə hazırlıq işləri çərçivəsində Şəkidə fəaliyyət göstərən seçki dairələrində məntəqə seçki komissiyalarının sədr və üzvləri təlimlərə cəlb olunub. Təlimlər aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının yüksəldilməsi məqsədi daşıyır.
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə AZƏRTAC-a bildirib ki, üç gün davam edəcək təlimlərdə dairənin tərkibində olan 29 seçki məntəqəsindən 174 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulub. Təlimləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil edilmiş “Trenerlər üçün treninq” kursunda iştirak etmiş təlimçilər Tehran Əzizov və Elnur Mustafayev aparırlar. Əyani vasitələrdən istifadə edilməklə keçirilən təlimlərdə iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması, yekun protokolun doldurulması və digər məsələlər barədə ətraflı məlumat verilir.
114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Məharət Məmmədovun verdiyi məlumata görə, bu dairə üzrə təlimlərə məntəqə seçki komissiyalarının 258 üzvü cəlb olunub. Məşğələləri MSK tərəfindən təşkil edilmiş treninqdə iştirak etmiş Azər Əhmədov və Adil Balacayev aparırlar. Məşğələlərdə iştirakçılara səsvermə günü prosedurları barədə geniş məlumat verilir.
Belə təlimlər bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də keçirilir.