REGİONLAR
“Məntiq” dərsliyinin təqdimatı olub
Naxçıvan, 22 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Məntiq” dərsliyinin təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi dəyərindən ətraflı söhbət açıb. O qeyd edib ki, məntiq hər kəsin bilməsi vacib olan bir elmdir və fərqli sahələrdə çalışan hər bir insanın bu sahəni öyrənməsi əhəmiyyətlidir.
Ali təhsil ocağının Beynəlxalq münasibətlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynov 10 fəsildən ibarət kitabda məntiqin predmeti və əhəmiyyəti, sual və cavabın məntiqi, əsas formal məntiqi qanunlar, induktiv və analoji əqli nəticə, arqumentasiya və sübutetmə, hipotez kimi mövzuların yer aldığını bildirib. Diqqətə çatdırılıb ki, bu istiqamətə həsr olunmuş kitab tələbələr üçün təkcə nəzəri baxımdan deyil, həm də praktik yöndən faydalıdır.
“Hüquqşünaslıq və sosial iş ixtisaslarının bakalavr pilləsi tələbələri üçün yazılmış kitabda nəzəri məsələlərin mənimsənilməsini asanlaşdırmaq məqsədilə onların hər birinə dair, hüquqşünaslıq və sosial iş praktikasından nümunələr gətirilir”, - deyən Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhmədov vurğulayıb ki, kitabdan həm də ali məktəblərin digər ixtisaslarında təhsil alan tələbələr, habelə məntiqi müstəqil öyrənənlər istifadə edə bilərlər.
Sonra kitab haqqında fikirlər dinlənilib.
Kitabın müəllifi, fəlsəfə üzrə elmlər doktoru, professor Qərib Allahverdiyev universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.