QAN YADDAŞI


Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı, 18 yanvar, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan anım mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Sadiq Sadıqov 20 Yanvar hadisələri haqqında məlumat verərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu deyib. S.Sadıqov qeyd edib ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib, günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. Şəhidlər Xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib.

Bu gün Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur. Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 13 dekabr tarixli Sərəncamına uyğun olaraq 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar ölkə ərazisində və ölkəmizin hüdudlarından kənarda anma mərasimləri keçirilir.

20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirib. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazıblar. Biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

Tədbirin sonunda “Real TV” tərəfindən hazırlanmış 20 Yanvar faciəsinə həsr olunan qısa sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.