REGİONLAR
Mənzil və kommunal təsərrüfatı müəssisələrinin əməkdaşları üçün təşkil olunmuş təlimlərə yekun vurulub
Naxçıvan, 25 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Mənzil və kommunal təsərrüfatı müəssisələrində əməkhaqqı cədvəllərinin elektron tərtibi sistemi” adlı ikigünlük təlim təşkil edilib.
Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimə mənzil və kommunal müəssisələrinin maliyyə və mühasibatlıq sahəsində çalışan 30 nəfər əməkdaşı cəlb olunub.
Tədbirdə çıxış edən Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Təlimin ilk günü Maliyyə Nazirliyinin əməkdaşı Vüsal Məmmədov nazirlikdə yeni qurulmuş “Mənzil və kommunal müəssisələrin əməkhaqqı cədvəllərinin elektron tərtibi sistemi” haqqında təlim iştirakçılarına ətraflı və praktik izah verib. Bildirib ki, cari ilin iyul ayından etibarən muxtar respublikanın mənzil və kommunal müəssisələri əməkhaqqı cədvəllərini yeni yaradılan sistemlə elektron qaydada hazırlamalı və xəzinədarlığa təqdim etməlidirlər.
Təlimdə nazirliyin şöbə müdiri Vüsal Əsədov yeni yaradılmış sistemin gələcəkdə daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Nazirliyin müvafiq sahə üzrə şöbə müdiri Ağəli Novruzov və şöbənin əməkdaşı Qənbər Xudiyev tərəfindən isə təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Vurğulanıb ki, yaradılmış yeni sistem maliyyə sənədlərinin emalı, elektron qaydada təqdim edilməsi və beləliklə müəssisələrin işində operativliyin əldə olunmasına şərait yaradır.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.