CƏMİYYƏT
Məqsədimiz sağlam gənclik, sağlam gələcəkdir
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Yasamal rayonundakı 150 nömrəli orta məktəbdə polis əməkdaşları ilə şagirdlərin görüşü keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin zərərlərinə həsr olunan tədbirdə Yasamal Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Orxan Mansurzadə, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Nəbi Nəcəfov, narkotiklərlə mübarizə bölməsinin rəisi, polis mayoru Anar Süleymanov və idarənin digər əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən polis polkovniki Orxan Mansurzadə bildirib ki, sağlam və intellektual gəncliyin formalaşması, savadlı və vətənpərvər gənclərə sahib olmaq Prezident İlham Əliyev tərəfindən aparılan dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanlarının üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd edən Orxan Mansurzadə narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman DİN rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib. O qeyd edib ki, müasir dövrdə əsasən sosial şəbəkələr vasitəsilə narkotik maddələrin təbliğ edilməsi, yayılması cəhdləri müşahidə olunur, ona görə də yeniyetmələr bu təhlükəni nəzərə almalı və zərərli informasiyalardan uzaq durmalıdırlar.
Daha sonra çıxış edən bölmə rəisi Anar Süleymanov narkotik maddələrin fəsadları və cinayətkarlıqla əlaqəsi barədə geniş məlumat verib. Bölmə rəisi qeyd edib ki, narkomaniya dünyada xəstəlik növü kimi qəbul olunsa da, o insanı cinayətkara çevirir. Bu bəlaya düçar olmuş şəxslər ictimai təhlükəli əməllər törədir, əsasən oğurluq, soyğunçuluq kimi ağır cinayət hadisələrində iştirak edirlər.
Sonda məktəb direktoru Sevda Əliyeva polislərin iştirakı ilə keçirilən bu cür görüşlərin şagirdlərin təlim-tərbiyəsində böyük rol oynadığını, onların narkotiklərin zərərləri barədə geniş məlumat əldə etdiklərini bildirib.
Tədbir məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.