Mərakeş Azərbaycan sahibkarlarının Afrika ölkələrinə çıxışı üçün təhlükəsiz tranzit ölkə rolunu oynaya bilər – səfir
AzerTAg.az

Bakı, 7 fevral, AZƏRTAC
Mərakeş Krallığı daxili bazarla yanaşı, Azərbaycan sahibkarlarının digər Afrika ölkələrinə çıxışı üçün təhlükəsiz tranzit ölkə rolunu oynaya bilər.
AZƏRTAC xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) keçirilən görüşdə Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş bildirib.
Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə biznes və investisiya mühiti barədə danışıb, fevralın 20-22-də AZPROMO-nun nümayəndələrinin Mərakeş Krallığına planlaşdırılan işgüzar səfəri zamanı qarşıya qoyulmuş hədəflər haqqında məlumat verib. Bildirilib ki, səfərin məqsədi Mərakeş Krallığında fəaliyyət göstərən sahibkar və investorlarla görüşlərin keçirilməsindən, eləcə də yerli bazarın xüsusiyyətlərini və imkanlarını araşdırmaqdan ibarətdir.
Mərakeş səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələrin mövcudluğunu vurğulayaraq deyib ki, potensialı yüksək qiymətləndirilən iqtisadi əlaqələrin də inkişaf etdirilməsi önəmli məsələdir. Qeyd olunub ki, Mərakeş Krallığının daxili bazarı ilə yanaşı, Azərbaycan sahibkarlarının digər Afrika ölkələrinə çıxışı üçün təhlükəsiz tranzit ölkə kimi əməkdaşlıq edilə bilər.
Xəbərin mətnində orfoqrafik səhv var