İQTİSADİYYAT


Mərakeş ilk dəfə Bakıda keçiriləcək “Caspian Agro 2019” sərgisində iştirak edəcək

Bakı, 19 mart, AZƏRTAC

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - XIII Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” sərgisi keçiriləcək.

“Iteca Caspian” şirkətindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı üzrə aparıcı tədbir olan “Caspian Agro” sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycanın aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir. Aralarında idxalçılar, ixracatçılar, distribüterlər, topdan və pərakəndə satış müəssisələrinin nümayəndələri, habelə fermerlərin də yer aldığı sərgi iştirakçıları eksponent və ziyarətçilərlə görüşmək və öz məhsullarını əyani şəkildə nümayiş etdirmək üçün ideal fürsət əldə edəcəklər.

“Caspian Agro 2019” sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşəcək. Bu il sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək. Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edəcək. Gürcüstan və Niderland Krallığı sərgidə milli stendlərlə çıxış edir. Həmçinin bu il Mərakeş sərgidə ilk dəfə çıxış edəcək.

“Prior Leasing” şirkəti “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru qismində çıxış edir.

Sərgi çərçivəsində B2B formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər əsnasında sənaye mütəxəssisləri əməkdaşlıq yollarını müzakirə edib, yeni əlaqələr quraraq mövcud əlaqələri gücləndirə və sərginin qonaqları, həmçinin öz həmkarları olan iştirakçılar arasında tərəfdaş və müştərilər tapa biləcəklər.

Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Sərgi çərçivəsində ilk dəfə olaraq “Fermer təsərrüfatının inkişafı və yüksəkkeyfiyyətli məhsulların verilməsi” mövzusunda treninq sessiyası keçirməyi planlaşdırılır. Bu sessiyada fermerlər onları maraqlandıran suallarla mütəxəssislərə müraciət edərək öz təcrübələrini həmkarları ilə bölüşə biləcəklər.

Sərginin ikinci günündə “Eurochem Trading Rus” və “ICODS Hilmer GMBH” şirkətlərinin seminarlarının keçirilməsi planlaşdırılır.

Sərgi Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstək və iştirakı ilə keçirilir. Sərgini, həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnaməni rəsmi saytdan əldə etmək mümkündür: “www.caspianagro.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.