QAN YADDAŞI


Mərakeş mətbuatı Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş məqalələr yayıb

Rabat, 3 aprel, AZƏRTAC

Mərakeşin “Jisr Press”, “AMA Press”, “Əl-Əhdəs” və “Bilvadeh” kimi internet portallarında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə mart 31-də xalqımızın 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş dəhşətli qətliamın qurbanlarının xatirəsini yad etdiyi bildirilir. Qeyd olunur ki, 1918-ci ilin mart və aprel aylarında erməni-daşnak və bolşevik dəstələri Azərbaycanın müxtəlif yerlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Bakı, Gəncə, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul və digər şəhərlərdə dini və etnik mənsubiyyətə görə törədilmiş kütləvi qırğınlar nəticəsində 50 mindən çox insan qətlə yetirilib.

Diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində törədilmiş kütləvi qətllər, talanlar və etnik təmizləmələr nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımının dəhşətləri 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın tapılması ilə bir daha sübut olunub. Əldə olunan maddi sübutlar və sənədlər göstərir ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni daşnaklarının törətdikləri qanlı aksiyaların miqyası daha geniş olub.

Yazılarda vurğulanır ki, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısının iştirakı ilə kompleksin açılışı olub.

Erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı törədikləri soyqırımı və məqsədli deportasiya siyasəti Azərbaycan tarixində ağrılı səhifələrdir.

1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı insan hüquqlarının pozulması aktları, etnik təmizləmələr və deportasiyalar həyata keçirilib. Bu qanlı hadisələr yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməlidir.

“Biz beynəlxalq təşkilatları ikili standartlar tətbiq etmədən Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırırıq. İnanırıq ki, ədalət tezliklə bərpa ediləcəkdir. Bu dəhşətli cinayətə soyqırımı aktı kimi beynəlxalq hüquqi qiymət veriləcək, günahkarlar cəzalandırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bir milyondan artıq Azərbaycan vətəndaşı öz evlərinə qayıdacaq və əsir düşən azərbaycanlılar azad ediləcək”, - deyə yazılarda vurğulanır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.