MƏDƏNİYYƏT


Mərakeş mətbuatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyindən yazıb

Rabat, 27 aprel, AZƏRTAC

Mərakeşin ərəb və fransız dillərində nəşr olunan “Əl-Bəyan” və “AL Bayane” qəzetlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar məqalələr yer alıb.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri alim-filoloq Muxtar Bedili və Mərakeş-Azərbaycan dostluq cəmiyyətinin vitse-prezidenti Məhəmməd Faquridir.

Məqalələrdə Prezident İlham Əliyev tərəfindən dünya şöhrətli, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünün qeyd olunması və 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması barədə sərəncamlar imzalandığı bildirilir.

Müəlliflər İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanda islam mədəni irsinin qorunduğu barədə məlumat verərək, tarix boyu ölkəmizin fərqli dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir yer, mədəni plüralizm, tolerantlıq və dini əxlaqi dəyərlərin təbliği, dinlər və mədəniyyətlər arasında dialoqun gücləndirilməsinə əhəmiyyətli töhfə vermiş bir məkan kimi xarakterizə ediblər.

Azərbaycan poeziyasının sütunu, dahi şair N.Gəncəvinin həyatı, onun doğulduğu və ilk təhsilini aldığı Gəncə şəhəri barədə məlumat verilir.

Məqalədə dahi şair, ərəb, fars və türk dillərini mənimsəməsi sayəsində Şərq poeziyasını məzmun və forma etibarilə zənginləşdirən, bəşər mədəniyyəti tarixinə yeni humanist fikirlər gətirmiş bir mütəfəkkir kimi səciyyələndirilir.

Müəlliflər böyük Nizamini son dərəcə geniş istedadının dövrünün bütün şair və mütəfəkkirləri tərəfindən qəbul edildiyini qeyd ediblər.

Daha sonra məqalədə dahi şairin möhtəşəm poemalarının qısa məzmunu və tarixi barədə məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, eyni məzmunlu məqalə Azərbaycanın Mərakeşdəki səfirliyinin dəstəyi ilə Mavritaniya və Seneqalın internet media resurslarında da yayımlanıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.