SİYASƏT


Mərakeş mətbuatında ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

Rabat, 12 may, AZƏRTAC

Mərakeşin ictimai-siyasi “Əl-İslah” həftəlik qəzetində yazıçı-jurnalist Əhməd Mutçunun müəllifi olduğu böyük dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədidir” məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan olmasından 98 il ötdüyü bildirilir.

Ulu öndərin həyat və Azərbaycan dövləti naminə fəaliyyətindən bəhs edən yazıda qeyd olunur ki, Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda məhz Heydər Əliyev tərəfindən qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi qurulması üçün zəruri olan bütün işləri görüb.

Məqalədə xüsusi vurğulanır ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda misilsiz xıdmətlərini heç vaxt unutmayacaqdır. Ümummilli Lider Azərbaycanın ictimai-siyasi, mədəni həyatının ən müxtəlif sahələrində və proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət sahəsində həyata keçirdiyi layihələr və mühüm tədbirlər barədə məlumat verilir, Fondun fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndiyi ifadə olunur.

Məqalədə milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün Heydər Əliyevin əzmkar fəaliyyəti təhlil edilir. Bildirilir ki, Heydər Əliyevin göstərdiyi misilsiz hünər və şücaət , tarixi qəhrəmanlığa görə Azərbaycan xalqı onu özünün ümummilli lideri seçib.

1994-cü ilin dekabrında Mərakeşın Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Toplantısı zamanı Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşünə toxunan müəllif ümummilli lider Heydər Əliyevin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafındakı rolunu xüsusi vurğulayıb və bu dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Həmçinin Mərakeşin ərəb və fransız dillərindəki “Alahdat.net” , “Amapresse.ma”, Satv.ma”, “Tantan24.net”, “Scopresse.com”, “Varpresse.ma”, “Bilwadeh.com”, “Anaharnews.com” kimi internet portallarında mərakeşli jurnalist Rəşid Maulidin müəllifliyi ilə, habelə Mavritaniya İslam Respublikasının “Essəfir.info” və “Əljemhouriya.info” kimi ərəbdilli media portallarında isə Əbu Bəkr Afelvatın müəllifliyi ilə böyük dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalələr dərc edilib.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.