SİYASƏT
Mərakeş nəşri: Heydər Əliyev Azərbaycan xalqının heç vaxt unutmayacağı liderdir
Rabat, 9 may, AZƏRTAC
Mərakeşin “alaan.ma” xəbər saytında Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun “Heydər Əliyev Azərbaycan xalqının heç vaxt unutmayacağı liderdir” sərlövhəli məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Mərakeş nəşrində ölkənin sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti diqqətə çatdırılır.
Səfir O.Qurbanov vurğulayır ki, Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində məhz tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan müasir dirçəliş dövrünə qədəm qoyaraq, regionda lider ölkəyə çevrilib.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət strategiyası sayəsində həm xarici dövlətlərlə, həm də beynəlxalq təşkilatlarla uğurlu işgüzar əlaqələr qurulmuş və bu da Qarabağ münaqişəsinin həlli üçün dünya ölkələrindən dəstək almağa kömək etdi.
Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Mərakeş Kralı II Həsənin 1994-cü ilin dekabrında Kasablankada keçirilən tarixi görüşünün Azərbaycan-Mərakeş münasibətlərində yeni mərhələnin başlanğıcı olduğunu qeyd edir. Bu əməkdaşlıq Azərbaycan və Mərakeş dövlət başçılarının müdrik siyasi iradəsi sayəsində bu gün möhkəmlənir və genişlənir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat