DÜNYA
Mərakeş “omikron” ştamına görə aviareysləri iki həftəliyə dayandırır
Rabat, 29 noyabr, AZƏRTAC
Mərakeş hökuməti koronavirusun yeni “omikron” ştamının qarşısının alınması məqsədi ilə noyabrın 29-dan krallığa bütün beynəlxalq sərnişin aviareyslərinin iki həftəlik dayandırılmasını elan edib.
AZƏRTAC xəbər verir ki, hökumətin bəyanatında COVID-19 virusunun yeni ştamı olan “omikron”un (B.1.1.529) əsasən Avropa və Afrikada sürətlə yayılması səbəbindən Mərakeşin pandemiya ilə bağlı əldə etdiyi nailiyyətlərin qorunub saxlanması və öz vətəndaşlarının müdafiəsi məqsədilə noyabrın 29-dan başlayaraq, Mərakeş krallığına bütün birbaşa aviareyslərin iki həftəlik dayandırılmasının qərara alındığı bildirilir.
Pandemiya başlanandan bəri Mərakeşdə son bir neçə həftə ərzində COVID-19-a yoluxmada ən aşağı hədd müşahidə olunur.
Mərakeşin Səhiyyə Nazirliyinin bazar günü dərc olunan hesabatına görə, koronavirusa 116 yoluxma, 1 ölüm faktı təsdiqlənib. Krallıqda əhalinin 62,3 faizi tam vaksinləmə sxemini keçib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat