SİYASƏT


Mərakeş qəzeti Azərbaycan Xalq Cümhuriyyətindən yazır

Rabat, 28 may, AZƏRTAC

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “28 May – Azərbaycanın Milli Günüdür” adlı məqalə dərc edilib.

Məqalədə diqqətə çatdırılır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanda Respublika Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi oldu. Qısa ömür yaşamış müstəqil Azərbaycan Cümhuriyyətinin böyük nailiyyətlərindən bəhs edilən məqalədə qeyd olunur ki, bu uğurlar həm də ölkənin sivil və müstəqil dövlət qurmaq bacarığını dünyaya nümayiş etdirdi.

Yazıda bildirilir ki, xalqımızın çoxəsrlik sosial, iqtisadi və mədəni inkişafının məntiqi nəticəsində müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi qiymətləndirmək olar. Fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyin əsaslarını yaratmaqla gələcək inkişaf yolunu müəyyən etdi.

Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilən yazıda qeyd olunur ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasət həyata keçirir. Münaqişənin nizamlanması ilə bağlı Azərbaycan aydın mövqe tutur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır.

Məqalədə bildirilir ki, bu gün Azərbaycan dinamik inkişaf edir. Azərbaycanın yeri və rolu nəzərə alınmadan regionda hər hansı iri layihəni həyata keçirmək mümkün deyildir. Ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu, ölkənin davamlı sosial-iqtisadi inkişafı təmin edildi.

Diqqətə çatdırılır ki, müasir dünyada qadınların sosial-siyasi sahədə rolu, ictimai fəallıqları xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün Azərbaycan qadınları üçün örnəkdir. Onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirir. Mehriban xanım UNESCO və ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Vurğulanır ki, bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan yeni dövrə qədəm qoyaraq özünün siyasi, iqtisadi müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub, son illər ərzində bütün sahələrdə inkişaf edib. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.