SİYASƏT


Mərakeş qəzetində “Azərbaycan ... günəşin batmadığı ölkə” başlıqlı məqalə dərc edilib

Rabat, 22 fevral, AZƏRTAC

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycanda keçirilən Milli Məclisə seçkilərlə bağlı bu nəşrin baş redaktoru Əhməd Mutçunun müəllifi olduğu “Azərbaycan ... günəşin batmadığı ölkə” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Əhməd Mutçu gündən-günə dəyişən, inkişaf edən Azərbaycandan yazmağın bir qədər çətin olduğunu bildirərək qeyd edir: “Hər dəfə bu ölkəni ziyarət edəndə təkcə yeni memarlıq nümunələri və infrastruktur layihələri deyil, eyni zamanda, adət-ənənəni qorunmaqla siyasi, iqtisadi, mədəni və ictimai sahələrdə tətbiq olunan innovasiyalarla, yeniliklərlə üzləşirəm”.

Müəllif Azərbaycanda parlament seçkilərinə hazırlıq işlərinin şahidi olduğunu diqqətə çatdırır. Bildirir ki, xalqının, Vətəninin və dövlətinin maraqlarına xidmət edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bərqərar olmuş əmin-amanlıq və sabitlik naminə hökumətin atdığı addımlarda parlament mühüm rol oynayır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin keçirdiyi mətbuat konfransında iştirak edən Əhməd Mutçu yazır ki, mətbuat konfransında beynəlxalq əlaqələrin inkişafı ilə yanaşı, qəddar ermənilərin Azərbaycana hərbi təcavüzünə, Dağlıq Qarabağ məsələsinə də xüsusi diqqət ayrıldı. Qeyd olundu ki, Ermənistan ilə Azərbaycan arasında hələ də davam edən münaqişə həm regional, həm də qlobal müstəvidə sülh və əmin-amanlığa ciddi təhlükə törədir, Cənubi Qafqaz regionunun inkişafına əsas maneədir.

Mətbuat konfransında səslənən fikirlərə geniş yer ayıran müəllif məqaləsində vurğulayır ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, bu nizamlanmanın Ermənistanın qeyri-qanuni işğalına son qoyacağına, ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpa olunacağına, qaçqın və məcburi köçkünlərin doğma yurda qayıtmasını təmin edəcəyinə inanır. İstinad olunan sənədlərə, aydın və inandırıcı bəyanatlara əsasən, konfrans iştirakçılarının qənaətinə görə, Azərbaycan xalqı vətənpərvər, özünə inanan, tolerant xalqdır.

Əhməd Mutçu məqalədə Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşü barədə təəssüratlarına da xüsusi yer ayırır. Müəllif onun sözlərinə istinadla yazır ki, Azərbaycan bütün ərəb və müsəlman ölkələri ilə tarixi əlaqələrə malikdir. Bu, xəbərlər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsini də zəruri edir. Aslan Aslanov 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilmiş İKT dövlət və hökumət başçılarının VII Zirvə konfransı zamanı ümummilli lider Heydər Əliyevin Kral II Həsən ilə görüşünü xatırladaraq, ikitərəfli əlaqələrin təməlinin məhz həmin vaxt qoyulduğunu, Azərbaycanın Mərakeş Krallığı ilə münasibətlərindən məmnunluğunu vurğulayıb.

Mərakeş qəzetinin baş redaktoru fevralın 9-da - parlament seçkiləri günü səsvermənin gedişini işıqlandıran xarici KİV nümayəndələri ilə bərabər seçki məntəqələrində olduğunu, seçici fəallığı müşahidə etdiyini bildirir. “Seçicilərin fəallığı Bakı şəhəri ilə yanaşı, Şamaxı, Qəbələ, Quba və olduğumuz digər bölgələrdə də hiss olunurdu. Yol boyu seçki məntəqələrinə üz tutan çoxsaylı vətəndaşları gördük. Sorğu-sual etdiyimiz həmin insanlar məntəqələrə ruh yüksəkliyi ilə üz tutduqlarını deyirdilər. Səsvermə prosesini izlədiyimiz ayrı-ayrı seçki məntəqələrində - istər şəhərlərdə, istərsə də kəndlərdə iştirak səviyyəsi biri-birinə yaxın idi. Bu, şübhəsiz ki, əla göstəricidir”, - redaktor yazır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.