SİYASƏT


Mərakeş və Mavritaniya mətbuatında 28 May- Respublika Günü ilə bağlı məqalələr yerləşdirilib

Rabat, 2 iyun, AZƏRTAC

Mərakeş Krallığının geniş oxucu kütləsinə malik “Bəyan əl-Yaum” qəzetində Azərbaycan-Mərakeş dostluq qrupunun katibi Məhəmməd Faqirinin müəllifi olduğu “Azərbaycan: Qələbə dadlı milli bayram şənlikləri” və yazıçı-jurnalist Əhməd Mutçunun müəllifi olduğu “Əl-İslah vat-Tənmiyə ” qəzetində “28 May - Azərbaycanın milli bayram günüdür” adlı məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğu bildirilir. Vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti ölkədə baş verən ictimai, siyasi və mədəni inkişaf, Azərbaycan xalqının milli oyanışı və dirçəlişi məntiqi nəticəsi kimi yaranmışdı.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi qiymətləndirmək olar. Cəmi 23 ay yaşamış müstəqil Azərbaycan Cümhuriyyəti böyük nailiyyətlər əldə etdi. Bir çox Avropa ölkəsindən əvvəl qadınlara seçki hüququ verildi, milli ordu yaradıldı, xarici siyasət və təhlükəsizlik strukturları quruldu, Bakı Dövlət Universiteti yaradıldı, milli pul vahidi buraxıldı, beynəlxalq ictimaiyyət Azərbaycanın müstəqilliyini rəsmi şəkildə tanıdı.

Məqalədə Azərbaycanın müasir tarixinə xüsusi yer ayrılır. Qeyd olunur ki, 1991-ci ildə yenidən müstəqillik qazanmasından sonra Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçid və beynəlxalq iqtisadiyyata inteqrasiya məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlara üzv olub, mühüm beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub, ölkədə ciddi sosial-iqtisadi dəyişikliklər baş verib.

Mərakeş mətbuatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətimizin qurulması və möhkəmlənməsi istiqamətində fəaliyyəti barədə məlumat verilir. Bildirilir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə tədricən bu böhrandan çıxmağa başladı, ölkədə ictimai və siyasi sabitlik bərqərar olundu, milli birlik təmin edildi və həyatın bütün sahələrində yenidənqurma işlərinə başlanıldı.

Müəllif vurğulayır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kurs özünü doğrultdu. Hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyi olan bu siyasi irs 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeni dövrə qədəm qoyub, özünün siyasi, iqtisadi müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub, son illər ərzində bütün sahələrdə böyük tərəqqi baş verib. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

Məqalədə Azərbaycanın elm, mədəniyyət, təhsil, səhiyyə sahələrində həm respublika, həm də beynəlxalq səviyyədə öz xidmətləri ilə tanınan, idmanın inkişafına qayğı göstərən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatında rolu, dövlətin tərəqqisi naminə çoxşaxəli fəaliyyəti və mühüm töhfələri barədə də bəhs edilir və onun fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi vurğulanır.

Mərakeş-Azərbaycan münasibətlərinə toxunulan məqalədə 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində VII İslam Zirvə Toplantısı zamanı Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşü xatırladılır. Qeyd edilir ki, həmin görüşdə iki qardaş ölkə arasında münasibətlərin perspektivlərinə dair aparılmış fikir mübadiləsi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün zəmin yaratmış və bununla bu əlaqələrin formalaşması və inkişafında yeni səhifə açmışdır. Eyni zamanda, Ümummilli Liderin Azərbaycan–Mərakeş münasibətlərinin formalaşmasında və inkişafında rolu xüsusi vurğulanaraq, bu dostluq əlaqələrinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Yazıda vurğulanır ki, ikitərəfli əlaqələr xüsusən də son illərdə bu sahədə böyük nailiyyətlərin əldə edilməsindən sonra iki xalqın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən maddi-mədəni və dini abidələrin dağılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasətin həyata keçirildiyinə toxunan müəllif qeyd edir ki, Ermənistanın hərbi təcavüzü, nəticədə Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalı, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın ən ağrılı problemi olaraq qalmaqda davam etmişdir.

Nəhayət keçən ilin 27 sentyabr tarixində başlamış və 44 gün davam etmiş Vətən müharibəsinin Azərbaycanın işğal olunmuş ərazilərində suverenliyinin bərpası ilə bitdiyi bildirilir. Prezident İlham Əliyevin son bəyanatlarına istinadən Qarabağın işğaldan azad olunmuş rayonlarında – onların tarixi siması qorunub saxlanmaqla -“ağıllı şəhər”lərin (smart) salınması ilə bərpa işlərinə start verildiyi də qeyd olunur.

Həmçinin yuxarıda qeyd olunan məqalələr ölkəmizin Mərakeşdəki səfirliyinin dəstəyi ilə Mərakeşin ərəbdilli “amapresse.ma”, “yakinepress.com” “atayar.ma” kimi internet portallarında, habelə Mavritaniyanın “essəvir.info” və “əlcemhouriya.info” kimi ərəbdilli media portallarında dərc olunub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.