DÜNYA


Mərakeşdə COVID-19-a yoluxma hallarının kəskin artması qeydə alınıb

Rabat, 14 sentyabr, AZƏRTAC 

Mərakeşdə əhalinin ən sıx yaşadığı Kasablanka şəhəri koronavirusa yoluxmanın sürətlə artması səbəbindən ölkənin digər hissəsindən izolyasiya edilmiş vəziyyətdə qalıb, şəhərin məktəbləri isə karantindədir.

AZƏRTAC xəbər verir ki, hazırda Mərakeş COVID-19-a ilk yoluxma faktının təsdiqləndiyi martın 2-dən bəri ölüm və xəstəliyə tutulmaların sayı baxımından ən pis dövrünü yaşayır. Hətta bu il hökumətin “Boğazın keçilməsi” illik kampaniyasından imtina etməsi də bu vəziyyətə mane ola bilməyib, halbuki həmin kampaniya hər il krallığın büdcəsinə milyonlarla avro gəlir gətirir. Dəniz və hava yolları ilə gediş-gəliş məhdudlaşdırılmış vəziyyətdədir, Seuta və Melilya sərhəd-keçid məntəqələri mart ayından bağlıdır. Bütün bunlara baxmayaraq, yoluxma hallarının sayının azaldığı 10 iyun tarixindən xəstəliyə tutulanların sayı kəskin şəkildə artıb.

Ötən bazar günü, sentyabrın 6-da Mərakeş ilk dəfə olaraq gündəlik 2 min yoluxma həddini aşıb (2234 yeni yoluxma qeydə alınıb). Üç gündən sonra 2157 yoluxma faktı təsdiqlənib; sentyabrın 10-da 2430 yoluxma sayı ilə yeni rekord müəyyən edilib. Şənbə günü isə gün ərzində 2238 nəfər COVID-19-a yoluxub.

Əhalisinin sayı 3,3 milyon olan Kasablanka şəhərinə sentyabrın 7-dən giriş və çıxış yalnız xüsusi icazə əsasında həyata keçirilir. Növbəti iki həftə ərzində şəhər məktəbləri bağlı vəziyyətdə olacaq. Bununla əlaqədar, valideynlərin əksəriyyəti sosial şəbəkələrdə narazılıqlarını bildiriblər. Bundan başqa, şəhərdə bazarlar 15.00-dək, kafe və mağazalar isə 20.00-dək fəaliyyət göstərəcək.

Ötən həftə krallığın hakimiyyət orqanları fövqəladə vəziyyət rejimini 6-cı dəfə uzadaraq oktyabrın 10-dək müəyyən ediblər.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda Mərakeşdə COVID-19 xəstələrinin sayı 84.435 nəfərə bərabərdir. 1553 insan bu xəstəliyin qurbanı olub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.