SİYASƏT


Mərakeşin “Ət-Təyyar” jurnalında ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə dair məqalə dərc olunub

Rabat, 3 iyun, AZƏRTAC

Mərakeşin ictimai-siyasi “Ət-Təyyar” jurnalında bu nəşrin baş redaktoru Abdulali Hassunun “Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin xatirəsini yad edir” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasından 98 il ötdüyü bildirilir.

Ulu öndərin həyatı və Azərbaycan dövləti naminə çoxşaxəli fəaliyyətindən bəhs edən yazıda qeyd olunub ki, Azərbaycanın XX əsrdəki inkişafının əsası 1969-cu il iyulun 14-də məhz Heydər Əliyev tərəfindən qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Azərbaycanın müstəqil dövlət kimi qurulması üçün zəruri olan bütün işləri uzaqgörənliklə həyata keçirib.

Məqalədə xüsusi vurğulanıb ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda misilsiz xidmətlərini heç vaxt unutmayacaq. Ümummilli Lider Azərbaycanın ictimai-siyasi, mədəni həyatının ən müxtəlif sahələrində və proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirib.

Yazıda Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət sahələrində uğurla həyata keçirdiyi layihələr və mühüm beynəlxalq tədbirlər barədə məlumat verilib, Fondun fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndiyi ifadə olunub.

Məqalədə milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün Heydər Əliyevin əzmkar fəaliyyətinin müxtəlif dövrləri ətraflı təhlil edilib. Bildirilib ki, Heydər Əliyevin misilsiz xidmətlərinə görə Azərbaycan xalqı onu özünün Ümummilli Lideri seçib.

Yazıda ulu öndər Heydər Əliyevin İslam Əməkdaşlıq Təşkilatının 1994-cü ilin dekabrında Mərakeşdə keçirilmiş VII zirvə toplantısı çərçivəsində Mərakeş Kralı II Həsən ilə görüşünə toxunan müəllif Ümummilli Liderin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafındakı müstəsna rolunu xüsusi vurğulayıb və bu dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.