İQTİSADİYYAT
Mərakeşin Atlantik sahillərindəki neft ehtiyatlarının 1 milyard barel olduğu təxmin edilir
Rabat, 22 aprel, AZƏRTAC
Mərakeşin Aqadir yaxınlığındakı Atlantik sahilləri böyük neft ehtiyatlarına malikdir.
AZƏRTAC xəbər verir ki, aprelin 13-də Aqadir sahillərindəki “İnesqane” yatağının işlənməsi üçün icazə alan Britaniyanın neft-qaz kəşfiyyatı, işlənməsi və hasilatı şirkəti “Europa Oil & Gas” 1 milyard bareldən çox neft ehtiyatının aşkarlandığını açıqlayıb.
Mərakeşin Karbohidrogenlər və Mədənlər üzrə Milli İdarəsi (ONHYM) ehtiyatların hətta 2 milyard barel səviyyəsində təxmin edildiyini təsdiqləyib.
ONHYM-in baş direktoru Amina Benhadranın sözlərinə görə, 2000-2022-ci illərdə Mərakeş 67 quyu qazıb. Onlardan 40-da neft-qaz kəşfiyyatı müsbət nəticə verib. Həmin quyuların 7-si Atlantik okeanı sahillərində Aqadir və Tarfaya arasında, o cümlədən 3-ü dayaz suda, 4-ü isə dərinlikdə qazılıb.
“İnesqane” yatağında aşkarlanan xam neft ehtiyatının Mərakeşin ümumi daxili məhsuluna bərabər olduğu təxmin edilir. Dünya Bankının hesablamalarına əsasən, 2020-ci ildə bu ölkənin ümumi daxili məhsulunun həcmi 112,9 milyard dollar olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat