İDMAN
“Mercedes” britaniyalı pilot Luis Hamiltona üç illik müqavilə təklif edib
Bakı, 22 noyabr, AZƏRTAC
Formula-1 yarışının liderləri “Mercedes” komandası özünün əsas pilotu Luis Hamiltona 120 milyon funt sterlinq məbləğində üç illik yeni müqavilə təklif edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu təklif reallaşarsa L.Hamilton Formula-1 yarışının ən yüksək məvacibli pilotu olan Sebastian Vettel ilə eyni miqdarda əməkhaqqına sahib olacaq. L. Hamiltona yeni müqavilə Meksika Qran-Prisindən sonra təklif olunub. Yeni müqavilənin məbləğinin yüksək olması “Mercedes” komandası rəhbərliyinin pilotun əsas rəqiblərdən olan “Red Bull Racing” və ya “Ferrari” komandalarına keçə biləcəyindən narahat olması ilə bağlıdır.
L. Hamiltonun “Mercedes” komandası ilə müqaviləsinin müddəti 2018-ci ilin sonunda başa çatır.
Xatırladaq ki, Meksika Qran-Prisində finiş xəttinə doqquzuncu gəlməsinə baxmayaraq, Luis Hamilton mövsümün başa çatmasına iki mərhələ qalmış ümumi xal hesabında bütün rəqiblərini qabaqlayaraq Formula-1 üzrə 2017-ci il dünya çempionatının qalibi olub.