İDMAN
“Mercedes” komandası Luis Hamiltonla razılığa gələ bilmir
Bakı, 18 yanvar, AZƏRTAC
“Mercedes” komandası ilə Luis Hamilton hələ də yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmirlər.
AZƏRTAC xəbər verir ki, yeddiqat dünya çempionunun yeni sözləşməyə əsasən, yüksək məvacib tələb etməsi tərəflər arasında fikir ayrılığına səbəb olub. Bu da Formula 1 ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. L.Hamiltonun tələbi Almaniya komandasını qane etmir. Britaniyalı pilotun yaş amilini nəzərə alan “Daymler” şirkəti yüksək məvacib müqabilində uzunmüddətli müqavilənin imzalanmasına razılıq vermir.
Yaxın gələcəkdə yeni reqlament qüvvəyə minəcək. Belə olan halda, Hamiltonun hansı nəticə göstərəcəyi müəmma olaraq qalır. “Mercedes” rəhbərliyi Hamiltonla anlaşa bilməyəcəklərini də istisna etməyib.
Vaxtı ilə Formula 1-də çıxış edən “Cordan” komandasının rəhbəri Eddi Cordan da bu məsələdə “Mercedes”i dəstəkləyir: “Göründüyü kimi, hələ tərəflər razılığa gələ bilmir. Bu yaxınlarda eşitdim ki, Hamilton “Mercedes”in yeni müqavilə şərtlərini bəyənməyərək komandasından daha yüksək məvacib tələb edir. Mən “Daymler” rəhbərliyinin yerində olsaydım, Luisə qapını göstərərdim. Ya bizim şərtləri qəbul et, ya da çıx get! İndiyə qədər də Berni Ekklstounun sözləri qulağımda səslənir. Ayrton Senna həlak olduqdan sonra hamımız şok vəziyyətində idik. Bundan əsəbləşən Berni “yetər ağladınız, əvəzedilməz insan yoxdur” dedi. Bu sözü Hamiltona demək lazımdır”.
Xatırladaq ki, 2008-ci ildə “Maklaren”lə çempionatın qalibi olan Hamilton 2013-cü ildə “Mercedes”ə keçdikdən sonra bu komanda ilə daha 6 dəfə çempionluq sevinci yaşayıb.