“Mercedes”in britaniyalı pilotu Luis Hamilton soyadını dəyişir
AzerTAg.az
Paris, 15 mart, AZƏRTAC
“Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton soyadını dəyişmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə yeddiqat dünya çempionu L.Hamilton Dubayda Ümumdünya Sərgisi çərçivəsində mətbuat konfransında məlumat verib.
Bildirib ki, soyadına anasının qızlıq familiyasını əlavə edəcək. Artıq o, Luis Hamilton-Larbalastye adlanacaq.
“Soyadımla çox fəxr edirəm. Anamın soyadı Larbalestyedir və mən onun familiyasını soyadıma əlavə etmək üzrəyəm. Evləndikdən sonra qadının soyadının dəyişməsini başa düşmürəm və çox istəyirəm ki, anamın soyadı həmişə yaşasın”, - deyə Formula 1 pilotu əlavə edib.
L.Hamilton bildirib ki, Formula 1 üzrə dünya çempionatının ilk mərhələsi olan – Bəhreyin Qran-Prisində yeni soyadı ilə təqdim olunmayacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris


Xəbərin mətnində orfoqrafik səhv var