MƏDƏNİYYƏT


Mərdəkan Mədəniyyət Sarayında Nəsiminin 650 illiyi ədəbi-musiqili tədbirlə qeyd olunub

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Mərdəkan Mədəniyyət Sarayında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimiyə həsr olunan nəzirə və təxmislər söylənilib, muğam ifa olunub.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı bildirib ki, 2019-cu il Azərbaycan xalqının tarixində ədəbiyyatın, mənəviyyatımızın yüksəliş ili kimi qalacaq. “Nəsimini tək hürufi şairi adlandırmaq olmaz. Çünki onun yaradıcılığında bütün dinlərin ideoloji nöqtələrini görə bilərik. Nəsimi yaradıcılığının mərkəzində insan dayanır”, - deyə A.Buzovnalı vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Cənub bölməsinin sədri Sayman Aruz ədəbiyyatımıza göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Nəsimi fəlsəfəsindən söhbət açan S.Aruz deyib ki, insanlar tarixboyu qarşıya qoyduqları hədəflərinə doğru gedərkən çox vaxt nəfslərinin qurbanı olurlar. Nəsimi öz kəlamları ilə çoxlarını bu bəladan qurtarmağa çalışır.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi bildirib ki, musiqiyə, klassik ədəbiyyatımıza olan sevgi yaşayır, ənənələr qorunub saxlanılır. O, ədibin kəlamlarını söyləyib və izahını verib.

Tədbir çərçivəsində Nəsiminin əsərləri, haqqında yazılan kitablar və o dövrü əks etdirən sənət nümunələrindən ibarət sərgi də nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.