CƏMİYYƏT


Mərhum professor Zahid Qaralovun 85 illik yubileyi qeyd edilib

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında partiyanın İdarə Heyətinin keçmiş üzvü, mərhum professor Zahid Qaralovun 85 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, partiya üzvləri və mərhumun ailə üzvləri əvvəlcə İkinci Fəxri xiyabanda Zahid Qaralovun məzarını ziyarət edib, önünə əklil və tər güllər qoyublar.

YAP Səbail rayon təşkilatı sədrinin müavini Muxtar Nağıyev görkəmli alim və ictimai-siyasi xadim Zahid Qaralovun həyat yolundan bəhs edib. Bildirib ki, respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq Zahid Qaralov 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Tutduğu vəzifələrdən asılı olmayaraq, o, üzərinə düşən bütün işləri layiqincə yerinə yetirib, çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı daim doğruldub. Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor elmi adını alıb.

Vurğulanıb ki, Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun xidmətləri təqdirəlayiqdir. O, təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin 200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunub. Azərbaycanda pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük əməyi var. Onun rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya müdafiə edib. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunan müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Qeyd edilib ki, ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralov 1990-cı illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirib.

Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilib, o, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.