Mərhum tarixçi alim Dilavər Əzimlinin kitabının təqdimatı olub
AzerTAg.az
Bakı, 26 dekabr, AZƏRTAC
AMEA-nın Tarix İnstitutunda mərhum tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin “Toplumdan seçilmişə doğru. Dilavər Əzimli seçilmiş əsərləri” kitabının təqdimatı olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun baş direktoru tarix elmləri doktoru Kərim Şükürov alimin ömür yolundan, elmi fəaliyyətindən, onun tarix elminə verdiyi töhfələrdən bəhs edib.
Daha sonra tarixçi alimlər, elm xadimləri, tələbələri Dilavər Əzimlinin Azərbaycan tarix elminə verdiyi töhfələrdən, həmçinin onunla bağlı xatirələrindən danışıblar.
Sonda mərhumun həyat yoldaşı Arzu Qazıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum tarixçi alimə verilən bu dəyərə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Dilavər Əzimli 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsində çalışıb, eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Universitetində Türk və Şərqi Avropa xalqları kafedrasının müəllimi olub. O, 2021-ci il martın 3-də dünyasını dəyişib.


Xəbərin mətnində orfoqrafik səhv var