DÜNYA
Merilend ştatının sakini Vaşinqton yaxınlığında terror aktına hazırlıqda şübhəli bilinir
Vaşinqton, 10 aprel, AZƏRTAC
Çərşənbə axşamı Merilend ştatının dairə prokurorunun ofisi və Virciniya ştatının Prins-Corc və Aleksandriya dairəsinin polis nümayəndələri Merilend ştatının Cermantaun şəhərinin sakini Rodnell Henriyə qarşı ittiham irəli sürüldüyünü elan edərək, onun məhkəməyədək həbsdə olmasını tələb ediblər. Henri yük furqonunun qaçırılması ittihamı ilə axtarışa verilib, lakin istintaq nəticəsində məlum olub ki, bunun arxasında Vaşinqton yaxınlığında, turistlərin toplandığı populyar yer olan Milli limanda terror hücumuna hazırlıq dururdu.
AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanları Henrinin Vaşinqtonun Dalles adına beynəlxalq aeroportunda kütlənin üzərinə sürmək üçün furqondan istifadə edəcəyini, lakin sonradan bunu Milli limanda həyata keçirəcəyini ehtimal edirlər. Rodnell Henri Trinidad və Tobaqodan 10 il əvvəl ABŞ-a gələrək vətəndaşlıq hüququ alıb. O, Merilend Universitetində kibertəhlükəsizlik sahəsində dərəcə alıb. Dairə prokuroru ofisinin nümayəndələri iddia edirlər ki, Henri son iki il ərzində eksremist məzmunlu internet resurslarına daxil olub və İŞİD təbliğatını öyrənib.
“CBS News” kanalının məlumatına görə, həbs olunmamışdan bir neçə gün əvvəl Henri işini ataraq kirayənişini olduğu evin sahibi ilə müqaviləni pozub və ölümə hazır olub. İstintaq nəticəsində məlum olub ki, o, şəhərdən çıxaraq Aleksandriyadakı ticarət mərkəzinin qarajından icarəyə verilən “UHaul” yük furqonunu qaçırıb. Bu avtomobildə martın 27-də səhər Dalles adına beynəlxalq aeroporta gəlib, lakin aeroportun təhlükəsizlik xidməti tərəfindən diqqət çəkdiyini görən Henri Vaşinqton yaxınlığında, Merilenddəki Milli limana gedib. Orada o, qayıqlardan birinin içərisində gizlənməyə çalışıb. Məhz orada avtomobil qaçırılmasına görə yaxalanan Henri sonradan terror aktına hazırlaşdığını etiraf edib. Müstəntiqlər bildiriblər ki, Henri terrorçunun yük maşınını kütlənin üzərinə sürərək 86 nəfərin ölümünə səbəb olduğu Nitsadakı faciədən ruhlanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton