DÜNYA
Mərkəzi Afrika Respublikasında ilin sonunadək Fransa hərbçiləri qalmayacaq
Bakı, 8 oktyabr, AZƏRTAC
Fransa Silahlı Qüvvələrinin Mərkəzi Afrika Respublikasında yerləşən 130 hərbçidən ibarət sonuncu kontingenti ilin sonuna qədər ölkədən çıxarılacaq.
AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, yaxın həftələrdə Fransa qoşunlarının Mərkəzi Afrika Respublikasından tam çıxarılmasına başlanılacaq və proses dekabrın ortalarında tamamlanacaq.
Fransa Silahlı Qüvvələrinin bu ölkədəki əsas kontingenti paytaxt Banqi şəhərinin hava limanı ərazisinə yerləşdirilib. Fransalı hərbçilər digər məsələlərlə yanaşı, BMT-nin sabitləşdirmə missiyasının, həmçinin Avropa İttifaqının təlim missiyasının bölmələrinə və personalına yardım göstərir.
Qeyd edək ki, Fransa 2021-ci ilin yayında Mərkəzi Afrika Respublikasına birbaşa hərbi yardımın dayandırılmasına dair qərar qəbul edib.